- 19 Noy 2022
Dəri Niyə Yaşlanır?
Dəri yaşlanması
Deri yaslanmasi əsasən zamanla bağlı bir problem kimi formalaşır. Buna xronoloji yaşlanma da deyilir. Lakin dərinin yaşlanmasına təsir edən tək amil zaman (yaş faktoru) deyil. Dəriyə təsir edən fərqində olduğumuz və ya heç görmədiyimiz xarici amillər də vardır (bunlar insanın bioloji varlığı, bədən funksiyaları ilə əlaqədar deyildir). Xarici amillərə günəşin təhlükəli şüaları, zərərli qidalanma, siqaret və alkoqol istifadəsi və s. aid olunur.
Dəri yaşlanması səbəbləri
Dəri yaşlanmasının birinci səbəbi günəş şüalarıdırsa, ikinci ən əsas səbəbi dəridəki kollagen və digər proteinlərlə bağlıdır. Kollagen miqdarı yetərli dərəcədə olmayan dərilər yaşlı görüntüsü ilə seçilir. Yaşlanmaya təsir edən amillər həm qadınlar, həm də kişilərdə oxşarlıq təşkil edir, biri digərindən fərqlənən proses deyildir.
Dəriyə tətbiq edilən, baxım üçün istifadə edilən kosmetika məhsulları dərini qocaldır?
Bütün qadınlar üçün maraqlı olan ən önəmli suallardan biri də budur. Bəs bu sualın düzgün cavabı nədir?
Qeyd edək ki, üz dərisi üçün mütləq zəruri olan iki əsas məhsul var:
- üzdəki yağ vəziləri və çirki təmizləmək üçün məhsullar,
- dərinin nəm balansını qoruyan, qurumanın qarşısını alan nəmləndiricilər.
Bu məhsulların dəriyə təsirini ətraflı araşdıraq:
- Təmizləyici məhsullar. Yağsız təmizləyicilər sabun tərkibli olmur, maye halındadırlar. Quru və ya nəmli dəriyə tətbiq olunur, daha sonra masaj hərəkətləri və su vasitəsilə durulanır. Həssas dəriyə sahib olanların rahatlıqla istifadə edə biləcəyi məhsullardandır. Təmizləyici kremlər isə maye halında olan məhsullardan fərqli olaraq dərini həm təmizləyir, həm də nəmləndirir. Bu kremlər su, mineral yağ, vazelin və s. tərkibli olduğundan quru dəri tipləri üçün ideal seçimdir.
- Toniklər. Dəridəki sabun və çirkin qalıntılarını (artıqlarını) təmizləmək üçün nəzərdə tutulur. Dəri tipinə uyğun seçildikdə dəri sağlamlığına bir zərəri yoxdur.
- Nəmləndiricilər. Təmizləyici məhsulların üz dərisinə mənfi təsirinin (belə bir ehtimal nəzərə alınmalıdır) qarşısını almaq üçün dərini nəmləndirməyi unutmamalıyıq. Vitaminlə zəngin (bitki tərkibli və s.) nəmləndirici seçimi məqsədəuyğundur.
- Peelinq isə köhnə və problemli dərinin yeni və gənc, sağlam dəri ilə əvəzlənməsi üçün tətbiq olunur. Sağlam dərilərdə bu proses peelinq olmadan da mümkündür. Lakin yaşlaşdıqca dərinin bərpa qabiliyyəti zəifləyir. Bitki tərkibli peelinqlərə və ya təbii meyvə və tərəvəzlərdən peelinq əvəzi istifadəyə diqqət yetirmək olar.
Yuxarıda qeyd olunan kosmetik vasitələrin tərkibi haqqında ətraflı məlumatlanaraq, dəri tipimizə ən uyğun məhsulu seçərək dəri qocalmasının sürətli tempini azalda bilərik.
Dərimizin yaşlanmasına necə kömək edirik?
Etdiyimiz hərəkətlərin bəziləri dəri gözəlliyi ilə düşmənçilik edir. Bəs onlar hansılardır?
- Yan istiqamətdə yatmaq (bədənin sol və ya sağ tərəfi üzərində) üzdəki qırışları artırır.
- Üzü gündə 2 dəfədən çox yumaq dəridəki yararlı yağ vəzilərinin azalmasına səbəb olur.
- Yuxusuzluq gənc dərinin ən qəddar düşmənidir. Həm fiziki, həm də psixi sağlamlığımıza mənfi təsirini göstərən yuxusuzluq dəri gözəlliyini kölgələyə bilər.
- C vitamini dərinin dostudur. C vitaminindən uzaq qalmaq həm də sağlam və gözəl dəridən uzaq olmaq deməkdir.
- Dəri qırışları qocalmağınızı gözləmir. 20+ yaşlarda da hər hansı qırış və dəri problemi sizi həyəcanlandıra bilər.
Dəri yaşlanmasını maksimum dərəcədə azaltmaq üçün baxım məhsulları tətbiqi, gözəllik prosedurları, qidalanma yalnız doğru seçimlə həyata keçirilməlidir.